NORVEÇ UNİVERSİTETLƏRİ

Norveç sizlərə bənzərsiz bir tələbəlik həyatı bəxş edəcək. Norveç ali təhsil müəssisələri dünyanın hər yerindən tələbələrin qəbulunu həyata keçirir.
Norveçdə təhsil sistemi bütün sektorlar üçün bir prioritetdir. Universitetlər və yüksək məktəblər davamlı olaraq beynəlxalq tələbələr ehtiyaclarına uyğun obyektlər qurmaq üçün çalışmaqdadır. Hal-hazırda təxminən 12,000 xarici tələbə Norveç ali təhsil təşkilatlarında qeydiyyatdadır.

Təhsil Müəssisələri

Norveçdə ali təhsil müəssisələrinin əksəriyyəti dövlətə məxsusdur. Ölkədə 7 universitet, universitet səviyyəsində 7 ixtisaslaşmış institut, 24 dövlət kollec universiteti, iki dövlət incəsənət institutu və 2 özəl kollec universiteti, 31 özəl institut (onlardan 22-si dövlət tərəfindən müəyyən maliyyə yardımı alır) fəaliyyət göstərir. Ali məktəblərdə oxuyan təxminən 195000 tələbədən 24500-ü özəl kollec və ya kollec universitetlərdə təhsil alır.

Norveçin ən qədim və nüfuzlu ali təhsil müəssisəsi Oslo Universitetidir. Bu tədris ocağı 1811-ci ildə fəaliyyətə başlayıb. 1939-cu ildən Oslo Universiteti adlandırılıb. 1946-cı ilə qədər ölkədə yeganə universitet olub.

Universitetdə hüquq, tibb, humanitar, riyaziyyat, ilahiyyat, təbiət elmləri, sosial elmlər, təhsil və digər ixtisaslar üzrə 30000-ə yaxın tələbə təhsil alır. Dünyada aparıcı universitetlərdən biri olan bu ali məktəb xaricdə təhsil və tədris üzrə ixtisaslaşmış “Quacquarelli Symonds” şirkətinin 2010-cu ildə tərtib etdiyi dünya universitetlərinin reytinq siyahısında 100-cü pillədə qərarlaşıb. Universitet məzunlarından bir çoxu müxtəlif illərdə Nobel mükafatına layiq görülüb.

Boloniya sistemi

Norveç ali təhsilində aparılan islahatlar müsbət nəticələr verir. İslahatlar sayəsində Boloniya prosesinə uyğun olaraq dərəcə strukturu, qiymətləndirmə sistemi və keyfiyyətin təminatı sistemi müəyyənləşdirilib. Ali təhsilin dərəcə strukturuna əsasən 3 illik bakalavriatura, 2 illik magistratura və 3 illik doktorantura (fəlsəfə doktoru) müddəti müəyyən edilib. Avropa Kredit Transfer Sisteminə əsasən qiymətləndirmə hərflər vasitəsi ilə aparılır (A-əla, E-keçid, F-qeyri-kafi).

Yaşlılar üçün təhsil şəraiti

Yaşlılar üçün həyatboyu təhsil imkanlarının yaradılması Norveçdə təhsil siyasətinin əsas prioritetlərindəndir. Başlıca məqsəd yaşlı nəsil nümayəndələrinin öz peşələrinə uyğun olaraq bacarıqlarını möhkəmləndirməsinə əlverişli şərait yaratmaqdan ibarətdir.

Hər il təxminən 15000 tələbə yaşlıların təhsili proqramları çərçivəsində dövlət universitetlərində və kollec universitetlərdə təhsil alır. 70000 nəfər isə əlavə təlim kurslarında təhsilini davam etdirir.

Yaşlıların təhsilinin daha yaxşı təşkili məqsədilə hökumət tərəfindən təsirli tədbirlər həyata keçirilir. Hökumət yaşlıların təhsili ilə məşğul olan qurumları maliyyələşdirir və onların fəaliyyətini stimullaşdırır. Ölkədə yaşlıların təhsili ilə məşğul olan təxminən 20 cəmiyyət dövlət dotasiyası alır. Bu baxımdan, yaşlıların oxu, yazı, riyazi və kompüter bacarıqlarının təkmilləşdirilməsi üzrə yüksək keyfiyyətli kursların təşkili məsələsi daha aktualdır. Odur ki, qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin yaşlıların təhsilinin təşkilinə cəlb olunmasına xüsusi önəm verilir.

Distant Təhsil

Distant (məsafədən) təhsil Norveçdə geniş yayılıb və əsasən qiyabi kurslardan ibarətdir. Lakin hazırda tədricən distant təhsil daha çox İnternetə əsaslanır. Hər il təxminən 20000 nəfər distant təhsil müəssisələrini bitirir.

1. Norwegian University of Science and Technology

2. University of Bergen

3. University of Oslo

4. University of Tromso

Paylaşın...