IELTS

IELTS

IELTS (International English Language Testing System - Beynəlxalq İngilis Dilini Yoxlama Sistemi) proqramı ingilis dilinin istifadə olunduğu ölkələrdə təhsil almaq və işləmək istəyən namizədlərin ingilis dili biliyini 4 meyar üzrə - listening, reading, writing, speaking - qiymətləndirmək üçün müəyyənləşdirilmiş imtahandır.

IELTS imtahanında iştirakçılar 9 ballıq sistemlə qiymətləndirilir. Dünyanın 500 test mərkəzində həyata keçirilən imtahanların keyfiyyətinə nəzarət ən yüksək səviyyədə təşkil edilir.

 

IELTS imtahanı 2 formada həyata keçirilir:

  • Akademik - bakalavriat, yaxud magistratura pilləsində ingilis dilində bilik qabiliyyətinin yoxlanılması üçün;

  • General(Ümumi təlim) - bakalavriat pilləsindən aşağı səviyyədə öyrənmək, yaxud işləmək məqsədi ilə ingilisdilli ölkələrə getmək üçün. Bu formaya daha çox İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiya kimi ölkələrdəki təşkilatlara müraciət olunduğu zaman üstünlük verilir.

 

İmtahan üçün qeydiyyat

IELTS imtahanında iştirak üçün qeydiyyatdan keçmək çox vacibdir. Öncə imtahanda iştirak etmək arzusunda olanlar yaxınlıqdakı test mərkəzinə gedib uyğun olan tarixləri nəzərdən keçirirlər. Daha sonra isə imtahan (Akademik, yaxud General) yeri müəyyənləşdirilir. IELTS-in ərizə formasını test mərkəzindən alıb doldurmaq mümkündür. Eləcə də namizədlər test mərkəzinin elektron ünvanına daxil olaraq onlayn formada qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün maksimum 6 ay əvvəl çəkilmiş şəkillərin arxası imzalanmaqla təqdim edilməlidir. Şəkillərlə yanaşı şəxsiyyət vəsiqəsinin və yaxud kimlik kartının surətini də göndərmək lazımdır.

Akademik və Ümumi təlim imtahan formalarının hər ikisi üçün ödəniş məbləği eynidir.

 

İmtahanın nəticələri

İmtahandan təxminən 13 gün sonra IELTS testinin nəticəsi poçt vasitəsi ilə ünvanınıza göndərilir. Cavab kartında 4 bölmə üzrə ayrı-ayrılıqda 0-9 ballıq qiymətləndirmə və yekun bal əks olunur.

IELTS imtahanının nəticələri iki il müddətində etibarlı sayılır. İki ildən əvvəl əldə olunmuş imtahan nəticələri, ancaq namizədin ingilis dili təcrübəsini aktiv şəkildə artırdığına sübutlar gətirdiyi halda qəbul oluna bilər.